Pozitiv Psixologiya Mərkəzi tərəfindən Talassemiya Mərkəzində müalicə alan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub -Fotolar

Pozitiv Psixologiya Mərkəzi tərəfindən Talassemiya Mərkəzində müalicə alan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Sosial məsuliyyət və humanist dəyərlər çərçivəsində həyata keçirilən bu təşəbbüsün əsas məqsədi uzunmüddətli müalicə prosesi keçən uşaqlara bayram sevinci yaşatmaq, onların emosional rifahını və psixoloji durumunu gücləndirmək olub.
Şənlik proqramı çərçivəsində Şaxta baba və Qar qızın iştirakı ilə əyləncəli oyunlar təşkil edilib, uşaqlar üçün face art həyata keçirilib, musiqili və interaktiv fəaliyyətlər keçirilib. Tədbir zamanı balacalara Yeni il hədiyyələri təqdim olunub, onlar üçün qayğı, sevinc və diqqət dolu anlar yaradılıb.
Tədbir uşaqların üzündə təbəssüm, valideynlərdə isə ümid hissi yaradıb. Valideynlər və tibb personalı bu cür psixososial dəstək xarakterli tədbirlərin uşaqların müalicə prosesinə müsbət təsir göstərdiyini qeyd ediblər.
Pozitiv Psixologiya Mərkəzinin nümayəndələri bildiriblər ki, uşaqların yalnız tibbi deyil, eyni zamanda psixoloji və emosional ehtiyaclarının qarşılanması cəmiyyətin ümumi sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə sosial layihələrin davamlı şəkildə həyata keçirilməsi mərkəzin əsas prioritetlərindəndir.
Qeyd edək ki, Pozitiv Psixologiya Mərkəzi gələcəkdə də həssas qruplara daxil olan uşaqlar üçün sosial, psixoloji və emosional dəstək yönümlü layihələri davam etdirməyi planlaşdırır.
































