Gündüz Əliyev: Tarixin yaddaşına həkk olunan iradə – Heydər Əliyev və Azərbaycanın sarsılmaz dövlətçilik yolu

Şərəfli və keşməkeşli ömür yolu

Sumqayıt şəhər Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Şöbə müdirinin müavini – sektor müdiri Gündüz Əliyev - Azərbaycan xalqının taleyində elə məqamlar və elə şəxsiyyətlər var ki, onların rolu yalnız bir dövrün çərçivəsində qiymətləndirilə bilməz. Heydər Əliyev məhz belə liderlərdən biridir. Onun anadan olmasının 103-cü ildönümü sadəcə bir xatirə deyil, milli dövlətçilik tariximizin ən mühüm mərhələlərinin yenidən düşünülməsi, qiymətləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyevin siyasi fəaliyyəti yalnız idarəetmə deyil, bir ideyanın – güclü, müstəqil və sabit Azərbaycan ideyasının həyata keçirilməsi idi. O, hər zaman dövlətin dayaqlarını möhkəmləndirməyi, xalqın rifahını yüksəltməyi və ölkənin beynəlxalq mövqeyini gücləndirməyi əsas məqsəd kimi qarşıya qoymuşdu. Onun liderlik keyfiyyətləri, qətiyyəti və strateji baxışı Azərbaycanı ən mürəkkəb dövrlərdə belə irəli aparan əsas gücə çevrildi.

Sovet dövründə onun rəhbərliyi ilə Azərbaycan iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etdi. Yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı inkişaf etdirildi, təhsil və elmin səviyyəsi yüksəldi. Bu dövrdə formalaşan güclü iqtisadi və intellektual baza sonradan müstəqil Azərbaycanın qurulmasında mühüm rol oynadı.

Müstəqilliyin ilk illərində isə ölkə dərin böhran vəziyyətində idi. Siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və daxili qarşıdurmalar Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət institutları zəifləmiş, idarəetmə sistemi iflic vəziyyətinə düşmüşdü. Belə bir kritik mərhələdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin xilası oldu. Onun rəhbərliyi ilə qısa müddətdə sabitlik bərpa edildi və dövlətçilik yenidən quruldu.

Onun təşəbbüsü ilə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Konstitusiya qəbul olundu, dövlət idarəetmə sistemi təkmilləşdirildi, qanunun aliliyi təmin edildi. Azərbaycan beynəlxalq münasibətlərdə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş kimi çıxış edən dövlətə çevrildi.

Heydər Əliyevin iqtisadi strategiyasında enerji siyasəti xüsusi yer tuturdu. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Bu müqavilə ölkəyə böyük həcmdə investisiyalar gətirdi və Azərbaycanın qlobal enerji bazarında mövqeyini gücləndirdi. Bu strateji addım uzunmüddətli inkişafın əsasını qoydu.

Onun ideoloji irsi olan azərbaycançılıq bu gün də milli birliyin və dövlətə sədaqətin əsasını təşkil edir. Bu ideya xalqın milli kimliyini qorumaqla yanaşı, onu vahid məqsəd ətrafında birləşdirir və güclü dövlət modelinin formalaşmasına xidmət edir.

Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda güclü, sabit və nüfuzlu dövlətə çevrilmiş, iqtisadi və siyasi sahələrdə mühüm nailiyyətlər əldə etmişdir.

Bu siyasətin ən mühüm nəticələrindən biri isə Qarabağın azad olunması olmuşdur. Bu tarixi qələbə Azərbaycan xalqının birliyinin və dövlətin gücünün bariz nümunəsi kimi tarixə yazılmışdır.

Bu gün azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın gələcəyə olan inamını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur bölgələri sürətlə bərpa olunur, yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur layihələri həyata keçirilir.

Heydər Əliyevin 103-cü ildönümü münasibətilə onu dərin ehtiramla yad edərkən bir daha əmin oluruq ki, onun irsi Azərbaycan üçün əbədi və sarsılmazdır. Onun yaratdığı dövlətçilik məktəbi bu gün də yaşayır və ölkəmizin inkişafına istiqamət verir.

Ulu Öndərin adı Azərbaycan tarixində daim yaşayacaq və onun müəyyən etdiyi yol ölkəmizi daha böyük uğurlara doğru aparacaq.